SİYASƏT


Dövlətimizin başçısı tutarlı və dəqiq cavabları ilə xarici media orqanlarının diqqətini yenidən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi

Bakı, 3 mart, AZƏRTAC

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı qətliamı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının acı nəticəsi kimi ermənilər tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı və dəstəyi ilə törədilib. Faşist ideologiyasına xidmət edən Ermənistan və onun oyuncaq rejimi “qalib” ədası ilə gəzir, Xocalıda törətdikləri vəhşiliklərlə fəxr edirdilər. Bəs biz ötən uzun illər ərzində bu müsibətə necə dözdük, necə səbir etdik? Biz haqqın nazilsə də, üzülməyəcəyinə, müstəqil dövlətimizə, dövlətimizin yürütdüyü siyasətə, xalq-iqtidar birliyinə inanırdıq. Biz dövlətimizin başçısına, Müzəffər Ali Baş Komandanımıza, Ordumuza inanaraq Zəfər qazana bildik.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Q.Paşayeva bildirib ki, Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsi dövründə dünyanın aparıcı media orqanlarına 30-a yaxın müsahibə verdi. Bir yandan Ordumuz irəlilədi, digər tərəfdən Azərbaycan həqiqətləri dünyaya çatdırıldı. Bu həqiqətlər dövlətimizin başçısı tərəfindən televiziya, radio, portal, qəzet, jurnallar vasitəsilə geniş ictimaiyyətə çatdırıldı. Rəşadətli Ordumuz ermənilərin “yenilməz ordu” mifini məhv etdi və sübuta yetirdi ki, Azərbaycan güclü dövlətdir.

“Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yenidən yerli və dünya ictimaiyyətinin diqqətini onları maraqlandıran məsələlərə yönəltdi. Dövlətimizin başçısı 4 saatdan çox davam edən mətbuat konfransında suallara 4 dildə cavab verməklə rekorda imza atdı. Dövlətimizin başçısı səsləndirilən bütün suallara tutarlı, dəqiq və faktlarla cavab verərək, aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı apardığı soyqırımı siyasətinə yönəltdi.

Biz Xocalı soyqırımı da daxil olmaqla, Qarabağ, ümumilikdə, Azərbaycan həqiqətlərinin dünyada çatdırılması baxımından çox əziyyətlər çəkmişik. Gəlin görək, 29 il əvvəl Azərbaycan mətbuatı Xocalıda baş verənlər haqqında nə yazırdı?. Bununla müqayisədə, 2021-ci il fevralın 26-da Azərbaycan Prezidenti Xocalı həqiqətlərini dünyaya hansı səviyyədə çatdırdı. Prezidentin “Biz nəyi, necə, nə zaman edəcəyimizi çox yaxşı bilirik” ifadəsini xatırlamamaq mümkün deyil. Dövlətimizin məqsədyönlü xarici siyasəti, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası sayəsində dünyanın dörd bir yanında Xocalı soyqırımı tanınıb. Dövlətimizin bu istiqamətdə siyasəti davam etdirilir”, - deyə deputat qeyd edib.

Qənirə Paşayeva bildirib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq və unutdurmayacaq. Bu il Xocalı faciəsinin ildönümünün nisbətən fərqli ab-havada anılması qürurvericidir. Əminik ki, məcburi köçkünlər tezliklə öz yurd-yuvalarına qayıdacaq və doğma Qarabağda həyat yenidən öz axarına düşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.