SİYASƏT
Drezdendə Xocalıya həsr olunmuş konfrans keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Almaniyanın Saksoniya əyalətinin paytaxtı Drezdendə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar anma mərasimi və konfrans keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə soydaşlarımızla yanaşı Saksoniyanın dövlət və hökumət nümayəndələri, qeyri hökumət təşkilatlarının, Ukrayna, Litva, yəhudi, rus, latış, qazax icmalarının təmsilçiləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Konfransda Xocalı soyqırımı XX əsrin ən ağır cinayətlərindən biri kimi qiymətləndirilmişdir. Mərasimdə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dinc sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı son 200 il ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu bildirilmişdir.
Konfransda Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilmişdir.
Mərasim iştirakçıları Xocalıda törədilən qətliamın tək Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirmiş, buna siyasi-hüquqi qiymət verilməsinin vacibliyi vurğulanmışdır.