SİYASƏT
Dünya Azərbaycanlı Gənclərin I Konqresi keçiriləcəkdir
Bakı, 29 oktyabr (AZƏRTAC). Caril il noyabrın 26-dan 28-dək Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin (DAG) I Konqresi keçiriləcəkdir. Konqresi Azərbaycan Prezidentinin təsdiq etdiyi “Azərbaycan gəncliyi Dövlət Proqramı”na uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəkdir.
DİDK-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Konqresin keçirilməsi xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədlərinə xidmət edir.
Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmilərinin, deputatların, ölkəmizin Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki səfirlərinin, Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçilərinin, diaspor təşkilatları sədrlərinin və fəal gənclərin, eləcə də xaricdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı nəzərdə tutulmuşdur. Bununla yanaşı, konqresə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) böyük nümayəndə heyəti ilə qatılması planlaşdırılmışdır. Qeyd edək ki, RAGT Azərbaycan diasporunun mədəni həyatının inkişafında keyfiyyətcə yeni mərhələ, gənclərə doğru atılan cəsarətli addımdır. Bu layihədə təkcə diasporun həyatı deyil, Rusiyanın özünün gənclər siyasətinin bir sıra cəhətləri əhatə olunur. RAGT gənclərin vətəndaşlıq təşəbbüslərini əlaqələndirir. Hazırda RAGT Azərbaycandan kənarda ən fəal gənclər təşkilatıdır.
Konqresdə Azərbaycan həqiqətlərinin təbliği, diaspor quruculuğunda, mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu, xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası və s. mövzularda müzakirələr aparılacaqdır.
Konqresin yekununda Dünya Azərbaycanlı Gənclər Birliyinin (UWAY - The Union of World Azerbaijani Youth) yaradılması nəzərdə tutulmuşdur.
Tədbir çərçivəsində “Virtual həftə sonu məktəbi”nin təqdimatı da olacaqdır.