İDMAN
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən mini futbol turnirinə yekun vurulub VİDEO
Bakı, 10 dekabr, AZƏRTAC
“Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İctimai Birliyinin (DAMM), İctimai Nəzarət Koalisiyasının (İNK), “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakıda keçirilən mini futbol turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin bağlanış mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə DAMM-in birinci vitse-prezidenti Rasim Məmmədov, vitse-prezident Səbuhi Rəcəb, QHT-lərin təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
“Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyinin gənclər və idman təşkilatının sədri Rinat Quliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətləri Azərbaycanın idman dövləti olmasının göstəricisi kimi dəyərləndirib. O, ölkəmizdə gənclərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şəraitin yaradıldığını vurğulayıb. Turnirin əhəmiyyətini yüksək qiymətləndirən R.Quliyev belə yarışların müntəzəm təşkil olunacağını qeyd edib.
Sonra INK və “Nar” komandaları arasında final oyunu keçirilib. Qarşılaşma 11:11 hesabı ilə başa çatıb. INK komandası turnir ərzində vurulan topların fərqinə görə yarışın qalibi adına layiq görülüb. “Faktor Az” komandası isə üçüncü pillədə qərarlaşıb.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatçılara diplom, medallar və kubok təqdim edilib. Fərid Ələkbərov “ən yaxşı oyunçu”, Elgün Abbaslı “ən məhsuldar oyunçu”, Elçin Əliyev “ən yaxşı müdafiəçi”, Cəlal Məmmədov isə “ən yaxşı qapıçısı” seçiliblər.
Dörd komandanın mübarizə apardığı turnirin keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğidir.