CƏMİYYƏT
Dünya Azərbaycanlılarının Həmrəylik günü Misirdə qeyd olunub
Qahirə, 27 dekabr, AZƏRTAC
Ölkəmizin Misirdəki səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Misirdə yaşayan həmvətənlərimizin iştirakı ilə keçirilən mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Səfirliyin müşaviri Azər Abbas çıxış edərək Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına müraciətini və təbrikini diqqətə çatdırıb.
Müşavir Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış "Son iclas" bədii-sənədli filmi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən film Şərqin ilk demokratik respublikasının kəşməkəşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.
Sonra "Son iclas" bədii filmi nümayiş olunub.
Sonda milli musiqi nümunələrimiz səsləndirilib və iştirakçıların şərəfinə ziyafət verilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə