ELM VƏ TƏHSİL
Dünya Bankının eksperti: Universitetlər kadrların hazırlanmasında böyük rol oynayır
Bakı, 7 mart, AZƏRTAC
“İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli forum” çərçivəsində Bakıya gələn Dünya Bankının baş iqtisadçısı Volfhanq Fengler və bankın Bakı ofisinin rəhbəri Səidə Bağırova UNEC-də olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə görüşdə Dünya Bankının nümayəndəsi təqdimatla çıxış edib.
Ekspert region, eləcə də dünyada baş verən qlobal tendensiyalar və onların Azərbaycana təsirindən danışıb. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin uğur meyarlarını və iqtisadi inkişafı təmin edən 5 əsas prinsipi açıqlayıb, onları Azərbaycanla müqayisə edərək, uyğunluq istiqamətlərini göstərib.
V.Fengler Azərbaycanın iqtisadi uğur əldə etmək üçün geniş imkanları olduğunu bildirib, ölkə iqtisadiyyatının insan resurslarının üzərində qurulmasının əhəmiyyətindən söz açıb. Dünya Bankının nümayəndəsi bu istiqamətdə universitetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib. O, “Big Data”nı XXI əsrin aparıcı qüvvəsi adlandırıb, gələcək proseslərin modelləşdirilməsində, eləcə də dünya iqtisadiyyatının tənzimlənməsində onun rolundan bəhs edib.
Təqdimatda hazırkı enerji bazarlarının tendensiyaları, günəş enerjisinin maya dəyərinin azalması, kimyəvi məhsul bazarına marağın artması, iqtisadi tarazlığın bərpası, biznes riskləri və digər məsələlərdən söz açılıb. Həmçinin qlobal dəyişikliklərin Azərbaycana təsiri və ölkə üçün yaranan imkanlar şərh edilib.
Sonra qonaq Azərbaycan iqtisadiyyatının tənzimlənməsində Dünya Bankının baxışları, ölkə iqtisadiyyatının perspektivləri, həmçinin qeyri-neft sektorunda xarici investisiyaların rolu barədə sualları cavablandırıb.