İDMAN
Dünya çempionatı 2022: Qana millisi ilk qələbəsini qazanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, günün ikinci qarşılaşması H qrupunda Cənubi Koreya və Qana milliləri arasında keçirilib. Görüşdə ilk qolu 24-cü dəqiqədə qanalı futbolçu Məhəmməd Salisu vurub. Matçın 34-cü dəqiqəsində isə Məhəmməd Kudus fərqlənib-2:0. Toparlanan Cənubi Koreya futbolçuları 58-ci dəqiqədə Sun Kyu Ço ilə fərqi minimuma endirib - 1:2. Təzyiqi artıran Asiya təmsilçisi Sun Kyu Ço ilə 61-ci dəqiqədə tarazlığı bərpa edib - 2:2. Lakin Cənubi Koreyanın bundan artığına gücü çatmayıb. 68-ci dəqiqədə fərqlənən Məhəmməd Kudus Qananı yenidən hesabda önə çıxarıb - 3:2. Bu matçda vurulan son qol olub.
Bununla da Qana H qrupunda ilk xalını və qalibiyyətini qazanıb. Cənubi Koreya isə 2 oyuna bir xal toplayaraq sonuncu pillədə qərarlaşıb. Qrupunun digər oyunu isə Bakı vaxtı ilə saat 23:00-da oynanılacaq Portuqaliya və Uruqvay milliləri arasında baş tutacaq.