CƏMİYYƏT
Dünya şöhrətli azərbaycanlı fotoqraf Kəlbəcərdə polis əməkdaşlarının qonağı olub VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
Dünya şöhrətli azərbaycanlı fotoqraf Rza Deqati Vətən müharibəsi nəticəsində işğaldan azad olunan əzəli torpaqlarımızda erməni vandalizminin nəticələrini lentə alır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tanınmış soydaşımız viran qalmış yurd yerlərimizdə, dağıdılmış şəhər və kəndlərdə erməni vəhşiliklərinin izlərini dünyaya çatdırmaq üçün növbəti dəfə Azərbaycanda səfərdədir. R.Deqati artıq işğaldan azad olunan bir neçə rayonda olaraq oradakı mədəni və ekoloji terroru lentə alaraq dünya mətbuatında işıqlandıra bilib. Budəfəki səfərində Kəlbəcər rayonunda olan tanınmış fotoqraf rayon polis şöbəsinin qonağı olub. O, rayonda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən görülən işləri yaxından müşahidə edib.
Tanınmış fotoqraf daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməsinin onda xoş təəssürat yaratdığını bildirib, bir neçə foto və video hazırlayıb, polis əməkdaşlarının xidməti şəraiti ilə tanış olub.