REGİONLAR
Dünyanın məşhur muzeylərinin bəzəyi olan Quba xalçaları VİDEO
Quba, 31 iyul, Elxan Yusifli, AZƏRTAC
Qubanı turistlər üçün cazibədar edən əsas cəhətlərdən biri də qədim tarixə malik xalça sənətkarlığıdır. Buraya gələn əcnəbilər əsrarəngiz təbiət mənzərələri, dünyaya nümunə göstərilən tolerant mühit, qədim tarixi və mədəni abidələrlə yanaşı, adı dillər əzbəri olan xalçalarla da yaxından maraqlanırlar.
Quba xalçaları nəinki Azərbaycanda, hətta dünya ölkələrində də şöhrət qazanıb. Belə ki, bu regionun XVIII-XX əsrə aid Çiçi xalçaları Viktoriya və Albert (London), eləcə də Metropoliten (Nyu-York) muzeylərində nümayiş olunur.
Rayonda fəaliyyət göstərən “Qədim Quba” özəl xalçaçılıq müəssisəsinin direktoru Humay Məmmədova AZƏRTAC-a müsahibəsində bildirib ki, Quba xalçaları naxışlarının zənginliyi ilə fərqlənir. Onların ornamentlərinin böyük əksəriyyəti üslublaşdırılmış coğrafi və bitki motivləri ilə xarakterizə olunur.
Quba xalçaçılıq məktəbi özündə 35-ə yaxın ornament kompozisiyalı xalçanı birləşdirir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb. Quba xalçalarının “Qədim minarə”, “Qımıl”, “Alpan”, “Qollu çiçi”, “Pirəbədil”, “Hacıqayıb”, “Qırız”, “Cek” kimi parlaq kompozisiyaları mövcuddur.
Azərbaycanın şimal-şərqini əhatə edən Quba xalça mərkəzi üç yerə - dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə Qonaqkənd, Xaşı, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində toxunan xalçaları aid etmək olar. Dağətəyi hissəyə isə Şabranın Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami və digər ətraf kəndlərində toxunan xalçalar aiddir. Bundan başqa, Şabranın aran zonasında yerləşən kəndlərdə, həmçinin Dərbənd ərazisində toxunan xalçalar da bu məktəbin ayrılmaz tərkib hissəsidir.
Humay Məmmədova bildirir ki, hər bir xalçanın özünəməxsus özəlliyi var. Qubanın Qımıl kəndində “Xovlu qımıl”, “Xonçalı qımıl” xalçaları toxunur. Həmin kənddə yaşayan əhalinin məşğuliyyəti, təsərrüfatı, adətləri həmin xalçaların naxışlarında öz əksini tapır. Çiçi kəndində də çox nadir xalçalar toxunur. Naxışları alça çiçəyinə bənzəyənlər “Alçagül çiçi”, xırda güllərə oxşayanlar “Xırdagül çiçi”, insan qolunu xatırladanlar isə “Qollu çiçi” adlandırılır. Bu xalçaların əsas özəlliyi onların toxunuşu zamanı tünd, xüsusən də qara və sürməyi rənglərdən istifadə olunmasındadır. Quba xalçasının əsas xüsusiyyəti onun rənginin tündlüyü, elementlərinin xırdalığı, rəng çalarının çoxluğu və sıxlığındadır.
“Qədim Quba” xalçaçılıq müəssisəsində 30-a yaxın işçi xalça toxumaqla məşğuldur. Müəssisə sahibkarlıq subyekti kimi fəaliyyət göstərməklə yanaşı, unudulmaqda olan ənənələrin yenidən bərpa edilməsi, qədim xalq sənətinin yaşadılması, onun sirlərinin gənc nəslə öyrədilməsində də vacib rol oynayır.