CƏMİYYƏT


EHİM-in komandası beynəlxalq olimpiadanın ən yaxşıları arasında yer alıb

Bakı, 22 aprel, AZƏRTAC

Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) əməkdaşları Beynəlxalq Data Analizi Olimpiadasının (IDAO) final mərhələsinə vəsiqə qazanıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, Beynəlxalq Data Analizi Olimpiadasında EHİM-i Data laboratoriyası departamentinin Süni intellekt şöbəsinin əməkdaşları Samir Məmmədov və Ümid Süleymanov təmsil ediblər.

Yarışda finala vəsiqə qazanmaq üçün yarışmaçılar kainatdakı ümumi materiyanın 85 faizini təşkil edən qaranlıq materiyanın təbiətinin daha yaxından öyrənilməsi məqsədilə müxtəlif atomaltı hissəcik hadisələrinin sinifləndirilməsi məsələsini həll etməyə çalışıblar.

EHİM-in əməkdaşları 66 ölkəni təmsil edən 648 komanda arasında 6-cı yeri tutaraq final mərhələsində iştirak hüququ qazanıblar.

Aprelin 17-18-də onlayn formatda keçirilən final mərhələsində iştirakçılardan bank müştərilərinin təklif edilən kredit məhsulunu qəbul edib-etməyəcəklərini proqnozlaşdırmaq tələb olunurdu. EHİM-in təmsilçiləri final mərhələsində 30 komanda arasında 13-cü yeri tutublar.

Qeyd edək ki, bu sayca 4-cü Beynəlxalq Data Analizi Olimpiadasıdır. 2018-ci ildə yarışmada 55 ölkədən 1533 iştirakçı, 2019-cu ildə isə 78 ölkədən 2187 iştirakçı ilə təmsil olunublar. Onlayn formatda keçirilən 2020-ci ilin yarışmasında isə 83 ölkədən 2756 yarışmaçı iştirak edib. Beynəlxalq Olimpiadada istənilən yaş qrupundan tələbələr, aspirantlar, şirkət əməkdaşları, tədqiqatçılar və alimlər iştirak edirlər. Yarışma çərçivəsində iştirakçılar proqnozlarının keyfiyyətini artırmaqla yanaşı, həm də effektiv resurslu alqoritmlər hazırlayırlar.

EHİM süni intellekt həllərinin elektron hökumət xidmətlərində tətbiqinə və bu istiqamətdə araşdırmalara böyük önəm verir.

Aprelin 26-dan 28-dək EHİM-in təşkilatçılığı ilə rəqəmsal formatda “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans və data yarışması keçiriləcək. “PASHA Holding”, "Azərbaycan Beynəlxalq Bankı”, “BestComp” və BP şirkətinin maliyyə dəstəyi ilə təşkil olunacaq beynəlxalq konfrans və data yarışması dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunur. Data yarışmasında yaşından, təhsilindən və ixtisasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Data yarışması üzrə “workshop”larda yarışma iştirakçılarına iki gün ardıcıl olaraq təlimlər keçiriləcək, yarışmanın qaliblərinə pul mükafatları təqdim olunacaq. Data yarışmasında iştirak üçün qeydiyyat aprelin 25-də bitir.

Qeydiyyat və daha ətraflı məlumat üçün link: www.ai4digigov.com

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.