İDMAN
“EYOF Bakı 2019”: Türkiyə təmsilçisi qızlar arasında cüdo yarışlarının qalibi olub
Bakı, 26 iyul, Leyla Qurbanova, AZƏRTAC
XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında qızlar arasında 70 və 70 kiloqramdan yuxarı, oğlanlar arasında isə 90 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 70 kiloqramdan yuxarı çəki dərəcəsində hollandiyalı Karmen Diykstrana finalda qalib gələn türkiyəli Hilal Öztürk festivalın qalibi olub. Bürünc medalları gürcüstanlı Qvantsa Somxişvili və italiyalı Erika Simonetti qazanıblar.
Festivalda 70 kiloqram çəki dərəcəsində yarışın qalibi hollandiyalı Yael Van Heemsti finalda məğlub edən ispaniyalı Ai Tsunoda Roustant olub. Bürünc medalları isə almaniyalı Anna Monta Olek və fransalı Jüliet Diollot qazanıblar.
Bu çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Nərmin Əmirli bürünc medal uğrunda təsəlli görüşünə qatılsa da, rəqibi rusiyalı Yelizaveta Postnikovaya ipponla uduzaraq mübarizəni dayandırıb.
Oğlanlar arasında 90 kiloqram çəki dərəcəsində yarışın qalibi isə italiyalı Daniele Akkoqlini məğlub edən fransalı Kenni Liveze olub. Bürünc medalları rumıniyalı Aleks Qreti məğlub edən rusiyalı Adam Sanqariev və israilli Roy Sivana qalib gələn gürcüstanlı Tornike Poladişvili əldə ediblər.
Qeyd edək ki, bu çəki dərəcəsində cüdoçumuz Ruslan Nəsirli (90 kq) startda bolqarıstanlı Borislav Vladova məğlub olub.