CƏMİYYƏT


Efiopiya ölkəmizin “ASAN xidmət” və elektron hökumət təcrübəsini öyrənir

Bakı, 26 sentyabr, AZƏRTAC

Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Qulluğu Komissiyasının Aparat rəhbəri Ambaye Almavu Mengistin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” modeli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən elektron hökumət, sosial innovasiyalar sahəsində həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər edib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev ilə görüşüb. F.Qarayev qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bundan əlavə, Dövlət Agentliyi tərəfindən elektron hökumət, startap ekosistemlərinə dəstək, sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verilib.

Eyni zamanda, Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.

Görüş zamanı “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə, o cümlədən Afrika qitəsi ölkələrində uğurla tətbiq olunduğu vurğulanıb.

Səfər çərçivəsində qonaqlar Elektron Hökumətin İnkişafı Mərkəzində olublar. Qonaqlara elektron hökumət çərçivəsində həyata keçirilən layihələr, o cümlədən “MyGov”, “ASAN viza”, “ASAN Ödəniş”, “ASAN Bridge” və digər innovativ layihələr barədə geniş təqdimatlar edilib. Bundan əlavə, Efiopiya nümayəndə heyəti Bakı şəhərində yerləşən 3 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzləri, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “BİLİM Bakı” mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

Həmçinin ölkəmizdə olduqları müddət ərzində nümayəndə heyətinə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi, Rəqəmsal texnologiyalar və İnnovasiyalar şöbələri tərəfindən müxtəlif təqdimatlar edilib.

Səfər zamanı Efiopiya nümayəndə heyəti Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində də olub. Görüş zamanı ölkəmizin dövlət qulluğu sahəsindəki təcrübəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Səfərin yekunları və gələcək əməkdaşlıq imkanları barədə Efiopiya nümayəndələrinin “ASAN Radio”ya müsahibəsi təşkil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.