İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri” QSC-dəki bəzi təmizləyici qurğularda təmir işləri aparılıb
Bakı, 21 aprel, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 5-ci sahəsində “Alfa Laval” şirkətinin dekanter və FOX-15 separator sistemi qurğuları cari təmirdən sonra istismara verilib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, QSC-nin bütün xidmət göstərdiyi sahələrdə istismar edilən qurğularda mütəmadi olaraq zəruri təmir işləri həyata keçirilir. Bu işlərin vaxtaşırı həyata keçirilməsi qurğuların istismar müddətini artırmaqla texnoloji proseslərin keyfiyyətini yaxşılaşdırır və ətraf mühitin mühafizəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbirlər planı çərçivəsində görülən işlərdən biri də TED-in 5-ci (Heydər Əliyev adına neft emalı zavodunun 9-cu sahəsinin ərazisi) sahəsində fəaliyyət göstərən əsas funksiyası neft məhsullarını, mexaniki qarışıqları və suyu ayırmaqdan ibarət olan “Alfa Laval” şirkətinin dekanter və FOX-15 separator qurğularında təmir işləri aparılıb. Qurğularda istilik-dəyişdirici sistemləri, boru xətləri, nasoslar və digər işlək mexanizmləri müvafiq texniki baxışdan keçirilərək, siradan çıxmış hissələrin dəyişdirilməsi, sazlama və yeniləmə işləri eləcə də bütün sistemdə çatışmamazlıqlar aradan qaldırılıb. Görülən işlərdən sonra “Alfa Laval” dekanter və FOX-15 qurğuları istismara verilib.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin təmizləyici qurğularının çöküntülərdən təmizlənməsi və praktiki təmir işləri dövrü olaraq davam etdirilir.