CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət araşdırılıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı-Salyan avtomobil magistral yolunun kənarında fəaliyyət göstərən kərpic zavodundan havaya qara tüstü atılması ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları həmin ərazidə fəaliyyət göstərən Kərpic İstehsalı Zavodunun ətraf ərazilərində araşdırma və monitorinq aparıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zavodun ətraf ərazisinin atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb. Analizlərin nəticələrinə görə qaz birləşmələrindən toluol 1,4, etil-benzol 4,8, meta-ksilol 1,3, his 3, tozun miqdarının isə sanitar normadan 4,2 dəfə artıq olduğu müəyyənləşib.
Faktla bağlı zavodun iş icraçısı Rizvan Müslümov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimələnib.