CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd ediblər

Bakı, 23 may, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi peşə bayramının qeyd olunmasına Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb. Ulu öndərin məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlikdə peşə bayramına həsr olunmuş tədbir keçirilib. Ətraf mühitin mühafizəsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və nazirliyin Həmkarlar İttifaqı Komitəsinin “Fəxri Fərman”ları ilə təltif ediliblər.

Sonda nazirliyin kollektivi adından ölkə başçısına müraciət qəbul olunub.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 16 may tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Peşə bayramı günündə keçirilən tədbirlərin davamı olaraq Neftçala Regional Kompleks Monitorinq Laboratoriyasının da açılışı olub. On rayonu əhatə edəcək laboratoriya müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz edilib.

Laboratoriyanın yaradılmasında məqsəd Xəzərə tökülən transsərhəd çayların suyunun keyfiyyətinə nəzarəti gücləndirməklə dənizin çirkləndirilməsinin qarşısını almaq, səth sularının, atmosfer yağıntılarının və torpağın kimyəvi analizlərini həyata keçirmək, eyni zamanda, sahil və keçid sularının monitorinqini aparmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.