İQTİSADİYYAT


Ekspert: İdxalın azalması və qeyri-neft sektorunda ixracın artması valyuta ehtiyatlarının artmasının əsas səbəblərindəndir

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycanda aparılan islahatlar və investisiya mühitinin yaxşılaşdırılması xarici investorlar üçün birbaşa qeyri-neft sektoruna əsaslı investisiya yatırmaq imkanının yaradılması, qısamüddətli maliyyə alətləri vasitəsilə xarici investisiyaların iqtisadiyyata cəlb olunması strateji valyuta ehtiyatlarının artmasına dəstək olur.

Bunu AZƏRTAC-a müsahibəsində maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli deyib.

Ekspert qeyd edib ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə dövlətimizin başçısı İlham Əliyev cari ildə ölkənin valyuta ehtiyatlarının 3 milyard ABŞ dolları artaraq 45 milyard dollara yüksəldiyini xüsusi qeyd edib. Prezident deyib: “Qeyri-neft sektorunun inkişafı üçün çox böyük işlər görülür, addımlar atılır. Xüsusilə son dövrdə qəbul edilmiş qərarlar çox böyük canlanmaya gətirib çıxarıb. Təkcə onu demək kifayətdir ki, investisiya təşviqi sisteminin tətbiqindən sonra 300-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihələrin icrası nəticəsində 20 min iş yeri yaradılıb. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manatdır. Əgər biz bu sistemi tətbiq etməsəydik, heç kim gəlib bu vəsaiti Azərbaycana qoymazdı. Baxın, bir ciddi islahatın aparılması ilə təxminən 3 milyard manat investisiya cəlb etmişik, 20 min insan üçün isə iş yeri yaratmışıq”.

Cəfər İbrahimli xatırladıb ki, dünya bazarlarında neft qiymətlərinin kəskin düşməsi və buna bağlı olaraq manatın üzərində yaranan təzyiq sonrası dollarlaşma prosesinə paralel olaraq ölkənin valyuta ehtiyatlarında azalma müşahidə olundu. Əhalinin yığımlarını manatdan ABŞ dollarına yönəltməsi xüsusilə Mərkəzi Bankın valyuta ehtiyatlarını 15 milyard dollardan 3.5 milyarda qədər azaltdı. Lakin daxili istehsalın stimullaşdırılması çərçivəsində idxalın azaldılması xaricə valyuta axınının qarşısını almış oldu. Həmçinin dövlət büdcəsinin və Dövlət Neft Fondundan transfertlərin həcminin azaldılması ilə valyuta ehtiyatlarının kəskin azalmasının qarşısı alındı.

2017-ci ilin əvvəlindən etibarən aparılan pul-kredit siyasəti ilə manatın məzənnəsinin sabitləşməsinə paralel olaraq neftin qiymətinin yüksəlməsi ilə ölkə iqtisadiyyatı üzərində təsirin azalması və cari ildən etibarən təkrar valyuta ehtiyatlarında artım müşahidə olunmağa başladı.

"Neft qiymətlərinin artması ilə ölkəyə daxil olan valyuta axının artması, əvvəlki illərlə müqayisədə idxalın azalması və qeyri-neft sektorunda ixracın artması, əks dollarlaşma prosesi fonunda iqtisadi subyektlərin valyuta yığımlarının 80 faizdən 63 faizə qədər azalması ilə Mərkəzi Bankın valyuta ehtiyatlarında artım müşahidə olunması valyuta ehtiyatlarının artmasının əsas səbəblərindəndir", - deyə ekspert diqqətə çatdırıb.

C.İbrahimli deyib ki, Azərbaycan üçün strateji valyuta ehtiyatları ciddi əhəmiyyət kəsb edir. Dövlət rezervlərinin artırılması əsas hədəflərdən biridir. Bundan sonra ölkə daxilində və xaricdə reallaşdırılan meqalayihələr üzrə investisiyaların başa çatması, bu investisiyaların gəlir yaratmağa başlaması ilə valyuta ehtiyatlarının dayanıqlığını dəstəkləyəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.