REGİONLAR
Ekspert: Kəndlərin resurs potensialından tam istifadə edilməsi ölkənin davamlı inkişaf imkanlarını artıracaq
Bakı, 3 may, AZƏRTAC
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kəndlərin yeni inkişaf konsepsiyasının hazırlanması ilə bağlı tapşırığı ölkənin regional inkişaf siyasətinin tərkib bir hissəsi kimi, davamlı inkişafın təmin olunmasında əlavə təkanverici rol oynayacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Regional İnkişaf Mərkəzinin rəhbəri, Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov deyib.
Onun sözlərinə görə, kəndlərin inkişaf etdirilməsi ölkəmizin sosial-iqtisadi gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. Ölkə ərazisində təbii-iqlim şəraiti, təbii resurs potensialı və coğrafi şəraiti fərqlənən bölgələrin mövcudluğu yaşayış məntəqələrinin, o cümlədən kəndlərin formalaşmasında həlledici rol oynayıb.
Regional İnkişaf Mərkəzinin rəhbəri deyib: “Müstəqillik illərinin ilk dövründə kəndlərdə sosial-iqtisadi vəziyyət xeyli ağırlaşdığı üçün əhalinin miqrasiyası daha qabarıq şəkildə olub. Kənddə yaşayan cavanlar əsasən xarici ölkələrdə işləməyə gedirdilər. Nəticədə bəzi kəndlərdə demoqrafik vəziyyət pozulmuşdu. Belə neqativ dəyişikliyin aradan qaldırılması üçün ölkədə bir çox islahatlar həyata keçirilməyə başlandı. Bu baxımdan torpaqların özəlləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Dövlət torpağı kəndliyə verməklə sahibkarlığın, fermer və ev təsərrüfatlarının yaradılmasına şərait yaratdı, məşğulluğun artırılması istiqamətində böyük addım atdı. Sonrakı illərdə bölgələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi kəndlərin inkişafına öz təsirini göstərdi. Kəndlərdə sosial layihələrin icra olunması, yeni iş yerlərinin açılması üçün müxtəlif sahələr üzrə sahibkarlara dövlət dəstəyi kəndlərin tənəzzülə uğramasının qarşısını aldı. Lakin kəndlərin təbii resurs potensialı hələ də tam istifadə olunmayıb. Bu vəziyyəti aradan qaldırmaq üçün kəndlərin yerləşmə xüsusiyyətindən asılı olaraq, onların inkişaf proqramlarının hazırlanması gündəlikdə duran vacib məsələdir”.
Çingiz İsmayılov bildirib ki, Azərbaycanın kəndlərinin yerləşməsinə görə rayonları, şərti olaraq, üç tip ərazilərə bölmək olar – düzən, dağətəyi və dağ əraziləri. Bu ərazilərdə yerləşən kəndlərin inkişafı fərqli yanaşmalar tələb etdiyi üçün müvafiq meyarlar olmalı, bununla bağlı mexanizm hazırlanmalıdır. Nəqliyyat sistemi, xüsusən keyfiyyətli yolların olması kəndlərin inkişafında vacib rol oynayır. Dağətəyi və dağ ərazilərində keyfiyyətli yolların mövcudluğu birbaşa olaraq kəndlərin inkişafına zəmin yaradır. Yeni yolların salınması kəndlərə potensial investorların diqqətinin artmasına, təbii resurs potensialının istifadəsi üçün əlverişli şərait yaradır və yeni iş yerlərinin açılmasına gətirib çıxarır.
“Düzən ərazilərdə yerləşən kəndlər üçün yeni yollar əsasən kənd təsərrüfatı sahələrinin inkişafına əlverişli imkanlar açırsa, dağətəyi və dağ rayonları kəndlərində ənənəvi təsərrüfat sahələri ilə yanaşı, onlar üçün qeyri-ənənəvi turizm sahələrinin inkişafı da mümkün olacaq. Nəticədə kəndlərdə demoqrafik vəziyyət xeyli yaxşılaşacaq, kəndlərin sosial-iqtisadi inkişafında yeni imkanlar yaranacaq. Dövlət tərəfindən kəndlərdə yol tikintisi proqramlarının həyata keçirilməsi kəndlərin inkişafına təkan verərək, əhalinin məskunlaşmasının tənzimlənməsində və bütövlükdə ölkənin regionlarının davamlı inkişafında mühüm rol oynayacaq”, - deyə Çingiz İsmayılov əlavə edib.