Ekspert: Molla rejimi Azərbaycan mediasının bu ölkənin iç üzünü ortalığa çıxaran araşdırmalarından tədirgin olub
AzerTAg.az

Bakı, 2 aprel, AZƏRTAC
Dünəndən bəri “İran” adlanan ölkənin təbliğat-təxribat resursları Tehranın Azərbaycan mediası ilə bağlı rəsmi Bakıya nota verməsi barədə silsilə informasiyaları sağa-sola püskürür. Amma bəlli deyil ki, bu nota hara və kimə verilib. Məlumdur ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyi işləmir. Digər tərəfdən, diplomatik protokola uyğun olaraq, notalar adətən iş günləri göndərilir. Molla rejimi isə notanı dünən, yəni, şənbə günü göndərdiyini açıqlayıb. Yəni, hara göndərib, kimə göndərib və necə göndərib, bəlli deyil. Nota ortalıqda qalıb, havada uçur, ya da hər zaman olduğu gurultulu, mübaliğəli iddialarını “şirin quyruğu”na bağlayıb təsəlli alırlar.
Bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli AZƏRTAC-a açıqlamasında söyləyib.
“Görünən odur ki, molla rejimi Azərbaycan mediasının “İran” adlanan ölkənin iç üzünü, saxta mahiyyətini açıb ortalığa çıxaran araşdırmalarından, molla rejiminin Azərbaycana, türk və müsəlman dünyasına, bütövlükdə isə sivil bəşəriyyətə qarşı xain əməlləri barədə həqiqətləri işıqlandırmasından tədirgin olub. Tehranın insanların səmimi hisslərinin istismarı üzərində qurulmuş riyakar təbliğatı artıq heç bir işə yaramır”.
Azərbaycan mediası 60 milyonluq bir xalqın və şübhə etmirəm ki, “İran” adlanan ölkədə, öz tarixi vətənlərində yaşayan digər xalqların da düşüncələrini ifadə edir, haqlarını qoruyur. Tehran rejimi isə hər zaman olduğu kimi, onun gerçək simasını, fitrətindəki eybəcərlikləri əks etdirən aynanı “sındırmağa” çalışır, özünü islah etmək, haqq yoluna qayıtmaq, terrordan, şərə xidmət etməkdən, təcavüzkar davranışlarından əl çəkmək istəmir”, - deyə siyasi ekspert bildirib.
E.Mirzəbəyli qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk günlərdən Tehran rejimi öz mediasında ölkəmizə qarşı düşmənçilik siyasəti yürüdür, azərbaycanlıları aşağılamaqdan, bütöv bir xalq haqqında təhqiredici materiallar yayımlamaqdan, təfriqə yaratmaqdan əl çəkmir. Təkcə “Səhər TV” adlanan zəhərli ilanın uzun illərdən bəri Azərbaycan dövlətinə və xalqına qarşı yürütdüyü çirkin informasiya siyasətinə nəzər salmaq yetərlidir ki, Tehran rejiminin düşmənçilik niyyətini görmək mümkün olsun. Vətənpərvər, ləyaqətli Azərbaycan mediası isə “İran” adlanan ölkənin xüsusi xidmət orqanlarının yaratdığı təxribatçı resursların yalan və böhtanlarına, sadəcə faktlarla, həm də tutarlı cavab verir, nağıl və əfsanə “üyütmür”.
Xəbərin mətnində orfoqrafik səhv var