ELM VƏ TƏHSİL
Eksternat imtahanlarında 102 nəfər iştirak edib
Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 7-də Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən eksternat imtahanları keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, imtahanda əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI sinif) bitirə bilməyən şəxslər iştirak ediblər.
Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 102 nəfər qatılıb. Eksternlər hərəsində 10 sual olmaqla 6 fənn (ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat və informatika) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.
Eksternat imtahanları yanvarın 8-də digər fənlər (Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya və xarici dil) üzrə davam edəcək.
Məqbul qiymət almış şəxslərin siyahısı baku.edu.gov.az saytında yerləşdiriləcək.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.