SİYASƏT


Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin siyasətinin əsasında insan amili dayanır

Bakı, 20 may, AZƏRTAC

Beynəlxalq hüquq normalarının və mexanizmlərinin işləmədiyi, geosiyasi və geoiqtisadi maraqların bəşəri dəyərləri, humanizm prinsiplərini üstələdiyi bir zamanda dövlətlərin təhlükəsizliyi və inkişafı üçün əsas faktor daxili sabitliyin təmin olunması və qorunmasıdır. Bu baxımdan, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər və Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycanda dayanıqlı sabitliyin təmin edilməsi və bunun siyasi, iqtisadi, sosial əsaslarının möhkəmləndirilməsi çox böyük tarixi uğurdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, son 15 ildə dünyada baş verən proseslərə diqqət yetirsək, nə qədər ciddi kataklizmlərin baş verdiyinin şahidi olarıq. İqtisadi müharibələr, qlobal maliyyə böhranları, terrorizm, vətəndaş qarşıdurmaları, xarici müdaxilələr bu gün dünyanın bir sıra zəngin enerji ehtiyatlarına malik olan ölkələrini xəritədən silinmək təhlükəsi qarşısında qoyub. “Belə bir zaman kəsiyində, xüsusilə də Azərbaycan kimi həssas bir bölgədə yerləşən ölkələr üçün daxili sabitliyi təmin etmək, qlobal enerji və nəqliyyat layihələrini uğurla icra etmək və çeşidli diplomatik səylərlə ölkənin geosiyasi önəmini artırmaq olduqca dərin zəka, çevik və qətiyyətli iradə tələb edir. Bu gün keçdiyimiz yola, ətrafımızda baş verən hadisələrə, əldə etdiyimiz nəticələrə vahid analitik təhlil kontekstindən yanaşsaq, o zaman nə qədər böyük bir məsafə qət etdiyimizin şahidi olarıq. Ən önəmli məqamlardan biri də əldə olunan nəticələrlə kifayətlənməyərək, daim irəliyə baxmağımız, islahatlara, yeniliklərə açıq olmağımızdır”, - deyə E.Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, bu gün ölkədə həyata keçirilən islahatların əsasında da vətəndaş məmnunluğunun artırılması, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi potensialının artırılması, dövlət idarəçilik sisteminin modernləşdirilməsi dayanır ki, bütün bunlar da son nəticədə ölkənin sabit və dayanıqlı inkişafına xidmət edir.

Siyasi ekspert vurğulayıb ki, Azərbaycan Prezidentinin siyasətinin əsasında ölkə vətəndaşı, insan amili dayanır. Həyata keçirilən bütün islahatların, görülən işlərin məqsədi vətəndaşlarımızın daha təhlükəsiz, sosial baxımdan sığortalanmış, rahat və firavan həyatını təmin etməkdir. Azərbaycan vətəndaşları dövlət başçısının həyata keçirdiyi siyasəti aydın dərk edir, onunla həmrəylik nümayiş etdirir, ona güvənir və etimad göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.