REGİONLAR


Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 181 min 169 fermer qeydiyyatdan keçib

Bakı, 10 may, AZƏRTAC

Şəmkir rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi ilə bağlı maarifləndirmə işlərinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərə informasiya-məsləhət xidməti göstərəcək könüllülərə təlimlər keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən keçirilən təlimlərdə könüllülərə sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığı izah olunub.

EKTİS-in tətbiqi prosesinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Səyyar “ASAN xidmət” avtobusu rayonun Təzəkənd kəndində fermerlərə xidmət göstərməyə başlayıb. Fermerlər səyyar xidmətlərdən yararlanaraq öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Analoji proses Şəmkir DAİM-də yaradılmış xidmət pəncərələrində də həyata keçirilir. Həftə ərzində rayonun digər kəndlərində də fermerlərə səyyar xidmət göstəriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, fermerlər www.eagro.az saytına daxil olaraq özlərinə şəxsi kabinet yarada və aqrar fəaliyyətlərini EKTİS-də bəyan edə bilərlər: “Fermerlərimizi bu prosesdə daha aktiv olmağa çağırırıq. Fermerlər Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, “ASAN xidmət” mərkəzlərində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyat proseduru ilə bağlı sualları ünvanlaya bilərlər. Əməkdaşlarımız və könüllülərimiz bütün suallara tam şəkildə aydınlıq gətirəcəklər”.

Qeyd edək ki, mayın 10-na olan son məlumata görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 181 min 169 fermer qeydiyyatdan keçib. Sabirabad rayonunda 11min 789, Şəkidə 7 min 278, Saatlıda 6 min 739, Zaqatalada 6 min 708, Biləsuvarda 6 min 637, Cəlilabadda 6 min 471 fermer yeni sistemdə özlərinə şəxsi kabinet yaradaraq, aqrar fəaliyyətlərinə dair məlumatları müvafiq bölmələrdə qeyd ediblər. Əksər rayonlarda fermerlərin EKTİS-də qeydiyyatdan keçmə göstəricisi 40 faizdən çoxdur.

Nazirlik tərəfindən növbəti həftələrdə digər rayonlarda da analoji maarifləndirmə işlərinin aparılması, fermerlərə səyyar informasiya-məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.