İQTİSADİYYAT
Elektron vergi hesab-fakturası İnternet Vergi İdarəsində yaradılan sistemdə hazırlanır
Bakı, 20 iyul, AZƏRTAC
Elektron vergi hesab-fakturasının, elektron qaimə-fakturanın tətbiqi və istifadə qaydaları Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, mallar (işlər, xidmətlər) vergiödəyicisi (satıcı) tərəfindən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən və ya e-qutusu olmayan alıcılara, həmçinin pərakəndə ticarət, ictimai iaşə və məişət xidməti sahələrində təqdim edildikdə, elektron vergi hesab-fakturası alıcıların tələbi ilə nazirliyin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılan elektron vergi hesab-fakturası sistemində hazırlanır, qeydə alınır və çap olunur. Bu sənədlər hüquqi şəxs olan vergiödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergiödəyicisinin isə imzası ilə təsdiqlənməklə verilə bilər.
Elektron qaimə-faktura vergiödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya ştrix-kod əks olunmaqla çap olunur və mal (iş, xidmət) hüquqi şəxs olan vergiödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergiödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.
Digər hallarda qeyd olunan sənədlərin kağız formada tərtib edilməsi qanunvericiliyə əsasən tələb olunmur.