DÜNYA
Eleyn Dyuk: terrorçular ABŞ üçün yeni “11 sentyabr” hazırlayır
Bakı, 19 oktyabr, AZƏRTAC
ABŞ-ın daxili təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk hesab edir ki, İŞİD və ya digər terror təşkilatları sentyabrın 11-də olduğu kimi böyük partlayış hazırlayır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə o, Amerikanın Londondakı səfirliyində çıxış edərkən bildirib. “İŞİD və ya digər təşkilatlar təyyarədən istifadə etməklə, sentyabrın 11-də olduğu kimi iri partlayışlar hazırlayır və kəşfiyyatın buna şübhəsi yoxdur”, - deyə Dyuk bildirib. Onun sözlərinə görə, avtomobillər və soyuq silahlardan istifadə etməklə həyata keçirilən hücumlar qorxu atmosferi yaratmaq məqsədi daşıyır. Lakin bu, o demək deyil ki, “onlar təyyarə ilə həyata keçiriləcək əsas ssenaridən imtina edəcəklər”.
Nazir vəzifələrini icra edən xanım qeyd edib ki, ABŞ-da terror təhlükəsi 11 sentyabr hadisələrindən bəri “ən yüksək səviyyədədir”.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də kamikadzelər sərnişin təyyarələrini qaçıraraq onları Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin və Virciniya ştatındakı ABŞ Müdafiə Nazirliyinin – Pentaqonun binasına çırpmışdılar. Rəsmi məlumata görə, bu hücumlar nəticəsində 2 min 996 nəfər həlak olmuş, 6 mindən çox insan isə yaralanmışdı.