ELM VƏ TƏHSİL
Elm Tarixi İnstitutu “Qəhrəmanlıq tariximiz” mövzusunda anım tədbiri keçirib
Bakı, 20 yanvar, AZƏRTAC
Elm Tarixi İnstitutu (ETİ) Uşaq Səfirlər Məclisi üzvlərinin birgə iştirakı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan “Qəhrəmanlıq tariximiz” mövzusunda anım tədbiri keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, onlayn təşkil olunan tədbir ziyalılarla məktəblilər arasında görüş formatında təşkil olunub. Əvvəlcə 20 Yanvar şəhidlərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün vətən övladlarının ruhu ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli bildirib ki, 1990-cı ilin 20 Yanvar günü müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Elm Tarixi İnstitutunun Elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “20 Yanvar hadisəsinin hüquqi və siyasi qiymətləndirilməsi” mövzusunda çıxış edib. Zaur Əliyev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ədalətsiz və qərəzli siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutulub. Həmin gün Azərbaycanda sovet hakimiyyəti tərəfindən törədilən faciə insanlığa qarşı törədilən ən qəddar cinayətlərdən biridir. Təəssüflər olsun ki, bu faciəni törədənlər hələ də öz layiqli cəzasını almayıb. 20 Yanvar faciə kimi yadda qalsa da, Azərbaycanın istiqlal mübarizəsinin rəmzidir. Qanlı yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini, iradəsini qıra bilmədi.
İnstitutun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov isə “Müstəqilliyə gedən şərəfli yol: 20 yanvar 1990-cı il” mövzusunda məruzə edib. Hadisənin inkişaf mərhələlərini açıqlayan Zaur Əmrahov qeyd edib ki, XX əsrdə ikinci dəfə öz müstəqil idarəetmə yolunu seçən Azərbaycan istəklərini dinc şəkildə yox, qurbanlar bahasına gerçəkləşdirdi.
Sonra Uşaq Səfirlər Məclisinin üzvlərindən – Nurlan Cəbrayılzadə “20 Yanvar – Qan yaddaşımız”, Rüfət Məmmədov “20 Yanvarda zərər çəkmiş uşaqlar”, Nəcibə Allahverdiyeva “20 Yanvar hadisələrinin timsalında xalqımıza qarşı törədilən terror aktları”, Həbib Məmmədov “20 Yanvar hadisələrinə siyasi qiymətin verilməsi” mövzularında çıxış ediblər.