SİYASƏT


Elmar Məmmədyarov ECO-nun Xarici İşlər nazirlərinin iclasında iştirak edib VİDEO

Nyu-York, 27 sentyabr, AZƏRTAC

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xarici İşlər nazirlərinin iclasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Elmar Məmmədyarov çıxışında regional və regionlararası təşəbbüslərdə iştirak edən Azərbaycanın hər zaman bölgədə və onun hüdudlarından kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərini dəstəklədiyini və bu xüsusda ECO çərçivəsində əməkdaşlıq fəaliyyətinə və bu bölgədə ticarət və əməkdaşlığın inkişafına əhəmiyyət verdiyini bildirib. Təşkilatın konkret və nəticəyə yönəlik layihələrə üstünlük verməli olduğunu söyləyən nazir bu xüsusda prioritet sahələr qismində ticarət, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizmi qeyd edib.

Dənizə çıxışı olmayan ölkə olmasına rəğmən Azərbaycanın tranzit və ticarət potensialı, ölkəmizin nəqliyyat infrastrukturlarını müasirləşdirmək və şaxələndirmək səyləri, həyata keçirilən bağlılıq layihələri barədə iclas iştirakçılarına məlumat verən nazir sözügedən layihələrin ECO ərazisinin tranzit imkanlarının artmasına xidmət etdiyini bildirib. Kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub və bu ilin oktyabr ayında ECO Kənd Təsərrüfatı nazirlərinin Bakıda 6-cı toplantısının keçiriləcəyi səsləndirilib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsi ECO dövlətləri tərəfindən əməkdaşlığın inkişaf etdirilə biləcəyi potensial sahə kimi vurğulanıb.

Nazir 2017-ci ildə qəbul olunan “ECO Vision 2025” sənədinə istinad edərək, Azərbaycanın ECO-nun daha da inkişaf etdirilməsi imkanlarını təmin edəcək və institutlarının effektivliyini genişləndirəcək islahat prosesini dəstəklədiyini qeyd edib.

Çıxışının sonunda nazir Elmar Məmmədyarov ECO iştirakçı ölkələri arasında mövcud olan tarixi bağların Azərbaycan tərəfindən yüksək dəyərləndirildiyini və bu əlaqələrin həmrəylik prinsipləri əsasında inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Nazir, siyasi və hərbi təhdidlər, o cümlədən bu ərazilərdəki hərbi işğal və qanunsuz fəaliyyətlər aradan qaldırılmadan, regional iqtisadi əməkdaşlığın inkişafının mümkünsüz olduğunu vurğulayıb. Bu xüsusda, 2017-ci il İslamabad Sammitinin Bəyanatının müddəalarının üzv ölkələrin milli və regional fəaliyyətlərində nəzərə alınmasının önəm kəsb etdiyi qeyd olunub.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.