CƏMİYYƏT
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları uşaq sığınacağının sakinləri ilə səmərəli vaxt keçiriblər
Bakı, 13 avqust, AZƏRTAC
C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) əməkdaşları Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin kiçik sakinləri ilə səmərəli vaxt keçiriblər.
AZƏRTAC ETKİ-nin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, tədbirdə institutun direktoru Gülnaz Dadaşova və Mərkəzi Klinikanın İnvaziv kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov iştirak ediblər.
ETKİ mütəmadi olaraq uşaqların təhsili, asudə vaxtlarının səmərəli keçirilməsi, sosial layihələrdə iştirakı ilə yaxından maraqlanır və onların ailəsinə çevrilmiş uşaq və yeniyetmələr ilə vaxt keçirməkdən böyük məmnuniyyət hissi yaşayır.
ETKİ öz dayanıqlı inkişaf məqsədləri hədəfləri çərçivəsində uşaqların sosial və hüquqi müdafiəsini təmin etmək üçün gələcəkdə də fəaliyyətini davam etdirəcək.