ELM VƏ TƏHSİL


Elmi sessiya: Mirzə Ələkbər Sabirin sənəti və müasir dövr

Bakı, 20 iyun, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş “Mirzə Ələkbər Sabirin sənəti və müasir dövr” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib.

Sessiyada AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, M.Ə.Sabirin anadan olmasının 160 illiyi dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə qeyd edilir. Sabir satirik şeir məktəbi yaradıb. Qırxa yaxın mərsiyə yazıb, onlardan təxmini iyirmisi bizə çatıb. Cəmi on iki qəzəli məlumdur. Əslində “Molla Nəsrəddin”ə qədər satira az yazıb. Biz o fikirdəyik ki, “Molla Nəsrəddin” böyük ədəbi məktəbdir, onun içində məktəblər də var. “Molla Nəsrəddin” nəsr məktəbi, satirik publisistika məktəbi, karikatura məktəbi, o cümlədən satirik şeir məktəbi var. “Molla Nəsrəddin” satirik şeir məktəbinin banisi Mirzə Ələkbər Sabirdir. Bu sessiyanın bir böyük məqsədi də Sabiri elmi gündəmə yenidən gətirməkdir.

Sessiyada Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva “Molla Nəsrəddin” jurnalı və Mirzə Ələkbər Sabir”, Özbəkistan Milli Universitetinin professoru filologiya elmləri doktoru Bahadır Kərimov “Mirzə Ələkbər Sabir və özbək ədəbiyyatı”, AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəridə Quliyeva “Mirzə Ələkbər Sabir təsviri sənətdə” mövzularında məruzə ilə çıxış ediblər.

Həmçinin Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Abid Tahirlinin “Mirzə Ələkbər Sabir Azərbaycan mühacirət mətbuatında”, Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Zamiq Təhməzovun “Mirzə Ələkbər Sabirin dili” və Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, professor Yaşar Qasımbəylinin “Mirzə Ələkbər Sabir yaradıcılığı və türk xalqları poeziyasında yenilənmə mərhələsi” mövzularında məruzələri dinlənilib.

Mirzə Ələkbər Sabir fondunun təsisçisi və rəhbəri Sevda Tahirli böyük şairə verilən elmi dəyər üçün iştirakçılara minnətdarlığını bildirib.

Sessiyada Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Ankara şəhərində başqanı, professor Hayrettin İvgin də iştirak edib. Bildirilib ki, onun rəhbərlik etdiyi akademiya Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhmədi üzvlüyə qəbul edib. Hayrettin İvgin Vüqar Əhmədə akademiyanın üzvlük biletini və diplomunu təqdim edib. Qonaq Sabirin Türkiyədə təbliği ilə bağlı lazımi kömək göstərəcəyini də diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.