ELM VƏ TƏHSİL
Elmi şura imtahan sessiyasının uğurla yekunlaşmasını ADPU-da aparılan islahatların nəticəsi kimi qiymətləndirib
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elmi şurasının 2017-2018-ci tədris ili üçün növbəti iclası keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasda ADPU-nun rektoru, elmi şuranın sədri Cəfər Cəfərov rəhbərlik etdiyi ali məktəbdə aparılan islahatlardan danışıb. Pedaqoji təhsillə və müəllim hazırlığı ilə bağlı yeni hədəflərin müəyyən edildiyini deyən C.Cəfərov bildirib ki, fakültələrin, kafedraların məsuliyyəti artırılmalı, pedaqoji və elmi-pedaqoji kadr hazırlığının səviyyəsi yüksəldilməli, kreativ və analitik düşüncəyə malik gənc mütəxəssislərə üstünlük verilməlidir.
Yaz imtahan sessiyasının yekunları haqqında danışan tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov bildirib ki, apellyasiya komissiyasına 1700 tələbə müraciət edib. Onlardan 1027 nəfərin imtahan nəticələrinə baxılıb və qiymət qüvvəsində saxlanılıb, 673 nəfərin isə imtahan qiymətləri qaldırılıb.
İclasda ADPU-da kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin nəticələri haqqında da məlumat verib. Qeyd edilib ki, müsabiqəyə səkkiz fakültədə 32 kafedra üzrə 124 vakant yer çıxarılıb. Universitet üzrə 403 nəfərin sənədi qəbul edilib. Nəticədə 387 nəfər müsabiqəyə buraxılıb.
İclasda professorlar Asəf Zamanov, Buludxan Xəlilov, beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov və digər çıxış edənlər imtahan sessiyasının uğurla yekunlaşmasını ADPU-da aparılan islahatların nəticəsi kimi qiymətləndiriblər.
İclasda cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.