REGİONLAR
Elnarə Xankişiyeva: Gübrələmə prosesinin nəzarətsiz aparılması torpağın şoranlaşmasına, fiziki və kimyəvi deqradasiyasına səbəb olur VİDEO
Quba, 24 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan müasir Aqroekoloji və analizlər laboratoriyası fermerlərin gübrələrdən düzgün istifadə etməklə yüksək məhsuldarlığa nail olmasına şərait yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir avadanlıqlarla təmin olunan laboratoriyada torpaqların fiziki, aqrokimyəvi və bioloji xassələrini müəyyən etməklə fermerlərə gübrələrdən düzgün istifadə etmək qaydaları haqqında tövsiyələr verilir. Eyni zamanda, laboratoriyada torpaq və bitkilər üçün zəruri olan əsas makro və mikro qida elementləri analiz edilir. Makro elementlərdən azot, fosfor, kalium, mikro elementlərdən isə sink, manqan və sair maddələrin miqdarı öyrənilir. Gələcəkdə isə laboratoriya şəraitində toksiki maddələr və pestisid qalıqlarını da müəyyən etmək mümkün olacaq.
Aqroekoloji və analizlər laboratoriyasının şöbə müdiri Elnarə Xankişiyeva bildirib ki, yüksək məhsuldarlığa nail olmaq üçün, ilk növbədə, əkin sahələrində analiz aparılaraq torpağın tərkibi müəyyənləşdirilməlidir. Bu, becərmə dövründə əkin sahəsinə verilməli olan mineral gübrələrin təyin edilməsi üçün olduqca vacibdir. Hazırda əksər təsərrüfatçılar gübrələnmə prosesini mütəxəssislərin nəzarəti olmadan həyata keçirir. Bu da nəticədə torpağın şoranlaşmasına, fiziki və kimyəvi deqradasiyasına, münbitliyinin azalmasına səbəb olur.
Laboratoriyada torpağın tərkibinin tam dəqiqliyi ilə analizi həyata keçirilir. İstənilən fərdi təsərrüfatçı, sahibkar müraciət edərək istifadəsində olan torpağın tərkibi haqqında yararlı məlumatları əldə edə bilər. Bunun üçün torpaqdan nümunə götürülərək laboratoriyaya gətirilməlidir. Həmin torpaq nümunəsi laboratoriya şəraitində qurudularaq analiz olunur.
Torpaq nümunələrinin düzgün götürülməsi əsas qida maddələrinin təyin olunmasında vacib şərtlərdəndir. Çox vaxt əsas diqqət laboratoriyada torpaq analizlərinin düzgün aparılmasına yönəlir, ancaq torpaq nümunələrinin götürülməsinə diqqət yetirilmir və yaxud az əhəmiyyət verilir. Götürülən torpaq nümunələri sahənin orta münbitliyini tam səciyyələndirməli və onun dəyişkənliyini müəyyənləşdirməyə imkan verməlidir. Əgər torpaq nümunəsi düzgün götürülməyibsə, yaxud sahəni tam səciyyələndirmirsə, aparılacaq analizlərin əhəmiyyəti azalır, ən yaxşı halda isə düzgün nəticə çıxarmaq mümkün olmur.
Elnarə Xankişiyevanın sözlərinə görə, analizin nəticələri 2-3 gün ərzində fermerlərə təqdim olunur: “Analiz aparıldıqdan sonra fermerə konkret müəyyənləşdirilmiş gübrələmə sxemi təqdim edilir. Burada məqsəd bol məhsul əldə etməklə yanaşı, yetişdirilən məhsulun kimyəvi tərkibinin də zənginliyinə nail olmaqdır. Bəzən fermerlər bol məhsul əldə etmək üçün yüksək dozada gübrələr verirlər ki, bu da məhsulda zəhərli mikroelementlərin olmasına gətirib çıxara bilər”.