İDMAN
Elnur Amanov: Taekvondo üzrə Azərbaycan yığmasının qatılacağı beynəlxalq yarışlar müəyyənləşib
Bakı, 20 oktyabr, AZƏRTAC
Bu il taekvondo üzrə Azərbaycan yığma komandası Avropa çempionatından yaxşı nəticə ilə qayıdıb. Həmin yarışda millimiz üç medal qazanıb. Yarışlarda idmançılarımızdan Patimat Abakarova və Milad Beigi Hərçəqani bürünc medallara sahib olublar. Birinci Avropa və IV İslam Həmrəyliyinin oyunlarının qalibi, Avropa, dünya və Olimpiya çempionumuz, dünya kubokunun ikiqat sahibi Radik İsayev qitə çempionatında qızıl medal qazanaraq ikiqat Avropa çempionu tituluna yiyələnib. Hazırda yığma komandamız oktyabrın 19-21-də İngiltərənin Mançester şəhərində keçirilən Qran-Pri yarışlarında altı idmançı ilə təmsil olunur. Bu turnir həm də “Tokio-2020”yə lisenziya xalları verir. Qran-Priyə dünya reytinqində ilk 32-likdə yer alan idmançılar dəvət edilib.
Bu barədə Azərbaycanın qadın taekvondoçulardan ibarət yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Elnur Amanov AZƏRTAC-a müsahibəsində deyib.
Gələcəkdə təşkil ediləcək lisenziya xarakterli, reytinq xalları qazandıran beynəlxalq yarışlara hazırlıqlarla bağlı məlumat verən E.Amanov bildirib ki, böyüklərdən ibarət millimizin noyabrın 10-11-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək 24-cü açıq beynəlxalq turnirdə iştirakı gözlənilir. İdmançılarımızın noyabrın 24-25-də Birləşmış Ərəb Əmirliyinin Füceyrə şəhərində keçiriləcək taekvondo üzrə komandalararası dünya çempionatında qatılması da planlaşdırılır. Bu yarışda dünyanın ən güclü taekvondoçuları, Olimpiya və dünya çempionları müxtəlif çəki dərəcələrində mübarizə aparacaqlar.
“İdmançılarımızın Tokio Olimpiadasına vəsiqə qazanması üçün indidən hazırlaşırıq. Biz ən azından reytinq xalları ilə Olimpiadaya lisenziya əldə etməyi planlaşdırırıq. Çoxsaylı turnirlərə qatılmağımızın məqsədi idmançılarımızın reytinqini yüksəltmək və daha əlverişli yolla Olimpiadada iştirak etməkdir. Bu il və gələn il Qran-Pri seriya yarışları keçiriləcək. Çalışacağıq ki, yüksək xal verən yarışlarda daha çox iştirak edək, idmançılarımızı formada saxlayaq və Olimpiya Oyunlarına daha çox idmançı ilə qatılaq. Azərbaycanı “Tokio-2020”də daha çox taekvondoçunun təmsil edə bilməsi üçün Qran-prilərdə milli komandamızın üzvlərinin mümkün qədər çox xal toplamasına çalışacağıq. Taekvondo qaydalarına görə, “Tokio-2020”dək hesablarına yığdıqları reytinq xalları sayəsində cədvəldə ilk altılıqda yer alacaq idmançılar Olimpiadaya birbaşa vəsiqə qazanacaqlar”, - deyə baş məşqçi qeyd edib.
Əməkdar məşqçi diqqətə çatdırıb ki, idmançılarımızın Qran-Pri turnirlərinin qalibi və mükafatçısı kimi də Tokio Olimpiadasına qatılması mümkündür. Qran-Pri iştirakçısı olaraq, maksimum dörd oğlan və dörd qız idmançı ilə Tokio Olimpiadasına qatılmaq olar.
Nəzərə almaq lazımdır ki, taekvondo qaydalarına görə, hətta hər döyüş keçirəndə və medal döyüşündə uduzanda belə xal verilir. Dünya Taekvondo Federasiyasının Olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub. Bu nailiyyətlər “Tokio-2020”də daha çox idmançımızın medal qazanmaq imkanlarını artırır.