İDMAN
Elnur Amanov: Taekvondo üzrə yığmamız Olimpiadaya lisenziya xalları qazanmaq üçün çoxsaylı beynəlxalq yarışlara qatılacaq
Bakı, 9 fevral, AZƏRTAC
Mayın 15-19-da Mançesterdə keçiriləcək dünya çempionatında qalib gələn idmançıların Tokio Olimpiadasına lisenziya qazanmaq şansları çoxdur. Həmin yarışda dünya çempionu olacaq idmançılar aktivlərinə ən yüksək - 120 xal əlavə edərək reytinq göstəricilərini artıracaqlar. 2019-cu il Tokio Olimpiadasına lisenziya xalları qazanmaq üçün mühüm il olduğu üçün hədəfimiz mümkün qədər çox xal toplayaraq idmançılarımızın bu mötəbər yarışa birbaşa vəsiqə qazanmalarına nail olmaqdır. Komandamız bu ildən Tokio Olimpiya Oyunlarına da çox ciddi hazırlaşmağa başlayıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində taekvondo üzrə milli komandamızın 2020-ci ildəki Tokio Olimpiya Oyunlarına lisenziya əldə etmək imkanları və beynəlxalq yarışlara hazırlığı ilə bağlı danışan Azərbaycanın qadın taekvondoçulardan ibarət yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Elnur Amanov bildirib.
E.Amanov qeyd edib ki, yığmanın reytinq göstəriciləri yüksək olan idmançıları – Radik İsayev, Milad Hərçəqani, Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Fəridə Əzizova və Patimat Abakarovadan biri dünya çempionu olarsa, o zaman onların birbaşa reytinq siyahısında ilk beşliyə düşmək və "Tokio-2020"yə lisenziyanı təmin etmək imkanları çoxalacaq. Hazırda Azərbaycan milli komandasının üzvləri Dünya Taekvondo Federasiyasının Olimpiya çəkiləri üzrə son reytinq cədvəlində ön sıralarda qərarlaşıblar. "Rio-2016"nın qalibi Radik İsayev (80 kq-dan yuxarı), eləcə də dünya çempionu və Olimpiya mükafatçısı Milad Hərçəqani (80 kq) reytinq siyahısında üçüncü, Ayxan Tağızadə 26-cı, Məhəmməd Məmmədov 27-ci (hər ikisi 68 kq) yerdədirlər. Qadın idmançılarımızdan Fəridə Əzizova (67 kq) reytinqdə 20-ci, Patimat Abakarova (49 kq) isə 23-cü pillədədir.
Yığma komandanın baş məşqçisi deyib ki, lisenziya xallarını artırmaq üçün taekvondoçularımız dayanmadan öz üzərilərində çalışmalı və digər beynəlxalq yarışlarda da, o cümlədən Qran-prilərdə uğur qazanmağa səy göstərməlidirlər. Çünki müxtəlif ölkələrin idmançıları bir-biri ilə rəqabət aparır və reytinq cədvəlində taekvondoçular arasındakı xal fərqi cüzidir. Yarışlarda mükafatçılar sırasında yer alan idmançılar xal hesabına reytinq siyahısında rəqiblərindən önə keçə bilirlər.
“Bu il Azərbaycanın taekvondo üzrə milli komandasının dörd Qran-Pri yarışında iştirak etməsi nəzərdə tutulur. Belə ki, iyunda İtaliyanın Roma, sentyabrda Yaponiyanın Çiba, oktyabrda Bolqarıstanın Sofiya şəhərləri Qran-Pri turnirlərinə ev sahibliyi edəcək. Final Qran-Prisi isə dekabrda Moskvada təşkil olunacaq. Ümumiyyətlə, reytınq xallarının artırılması üçün Qran-Pri yarışlarında iştirak etmək çox böyük əhəmiyyət kəsb edir. Çünki ilk üç Qran-Pri yarışlarında idmançılar aktivlərinə 40, final Qran–Prisində isə 80 Olimpiya xalı yazdırmaq imkanı əldə edəcəklər. Həmçinin Çinin Vuksi şəhərində Böyük dəbilqə turniri keçiriləcək. Taekvondoçular Qran-Pri və “Böyük dəbilqə” turnirlərində Olimpiadaya vəsiqə qazana biləcəklər. Bu yarışlara hazırlaşmaq üçün yığmanın Azərbaycan Taekvondo Federasiyasının inzibati binasının idman zalında təlim-məşq toplanışları yanvarın 3-dən başlayıb və Antalyadakı ilk beynəlxalq turnirə yollananadək davam edəcək", - deyə Əməkdar məşqçi əlavə edib.
Qeyd edək ki, "Rio-2016" Olimpiya Oyunlarında Azərbaycan Olimpiya yığmasının hesabına yeganə qızıl medalı taekvondoçularımız qazandırıb. Avropa və dünya çempionumuz, dünya kubokunun ikiqat sahibi Radik İsayev Olimpiadanın qalibi olub.