CƏMİYYƏT
Elşad Hacıyev: Cinayətə meyilli şəxslər təkcə özlərinin yox, ailə üzvlərinin də tərcümeyi-halını ləkələyirlər
Bakı, 21 yanvar, AZƏRTAC
Cinayətə meyilli şəxslər təkcə özlərinin yox, həm də ailə üzvlərinin – qohumlarının, övladlarının tərcümeyi-halını ləkələyirlər. Bu ləkə ömür boyu onları “təqib edir”.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, tutulan şəxslər barədə gündəlik məlumatlandırmanı həyata keçirməkdə məqsədimiz cinayətə meyilli şəxslərin ibrət götürmələrinə, belə əməllərdən çəkinmələrinə yönəlib.
Paytaxtda ötən il ərzində qeydə alınan cinayətlərin statistikasının bir müddət əvvəl açıqlandığını vurğulayan E.Hacıyev deyib: “Qeydə alınan hər bir cinayət faktı üzrə nə qədər insan əziyyət çəkib və bir ömür boyu birinin qeyri-insani düşüncəsi ucbatından zərərçəkmişə çevrilib. İndi baxaq, məsuliyyətə cəlb edilənlər, özü ilə bərabər nə qədər cinayətlə əlaqəsi olmayan doğmalarına ziyan vurub, onları sarsıdıb. Bunu həmin şəxslər nəzərə alırmı? Mübahisəlidir. Anlayışlı şəxs ictimai təhlükəli əməlinin nəticəsini görməli olduğu halda görmürsə, bu, onun mənəvi-əxlaqi keyfiyyətləri ilə bağlıdır”.
Xidmət rəisi əlavə edib ki, mülkiyyət əleyhinə cinayətlərdə cinayətə meylli şəxslər başqasının alın təri ilə qazandıqlarını talamağı qarşısına məqsəd qoyub özünü və yaxın ətrafını xoşbəxt edəcəyini düşünürsə, yanılırlar. Onlar əmin olsunlar ki, heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər.