İQTİSADİYYAT
Emma Nikolson: Azərbaycan bərpaolunan enerjinin inkişafı sahəsində Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycanın dəniz külək enerjisi əhəmiyyətli potensiala malikdir, ölkədə təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var.
AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakı Enerji Forumunda deyib.
O bildirib ki, Böyük Britaniya dəniz enerjisi sahəsində mühüm təcrübəyə malikdir və Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində “yaşıl enerji”yə keçid sürətləndirilə bilər: “Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var. 30 ildən artıqdır ki, Böyük Britaniya və Azərbaycan güclü tərəfdaşlıq əlaqələri qurublar və indi biz “yaşıl enerji”yə daha çox diqqət yetiririk. Azərbaycan bərpaolunan enerjinin inkişafı sahəsində Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir. Təbii ki, Böyük Britaniya bu sahədə Azərbaycana dəstəyini davam etdirəcək", - deyə Emma Nikolson qeyd edib.