İQTİSADİYYAT
“EnterpriseAzerbaijan.com” portalı ilə “Techstars” şirkəti əməkdaşlıq edəcək
Bakı, 21 iyun, AZƏRTAC
“EnterpriseAzerbaijan.com” qlobal reytinqdə ən yüksək iqtisadi nəticələr üzrə lider olan “Techstars” akselerator proqramı ilə əməkdaşlıq üçün danışıqlar aparır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, dünya üzrə məşhur “Techstars” 2006-cı ildə Koloradoda qurulmuş Amerika Birləşmiş Ştatlarının toxum akseleratorudur. “Techstars” şirkəti fəaliyyətinə 3 əsas ideya ilə başlayıb - sahibkarlar gələcəyi yaradır, əməkdaşlıq innovasiyaları idarə edir və böyük startaplar hər an yaradıla bilər. Bu gün əsas missiya innovasiyaları hər yerdə və hər kəs üçün əlçatan etməkdir. “Techstars” şirkətinin əsas missiyası startap layihələrinin ilk mərhələsinin həyata keçirilməsi üçün toxum maliyyələşməsini təmin etməkdir.
2006-cı ildən “Techstars” şirkəti 2200-dən çox şirkətə sərmayə qoyub və bu gün üçün bazar kapitalı 27 milyard dollar təşkil edir.
Xatırladaq ki, “EnterpriseAzerbaijan.com” portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.