CƏMİYYƏT
Erkin Rəhimov: Bir yaşadək uşaqlar COVID-19 infeksiyasının risk qrupuna daxildirlər
Bakı, 15 oktyabr, AZƏRTAC
Bir yaşadək uşaqlar yeni növ koronavirus (COVID-19) infeksiyasının risk qrupuna daxildir və onlar xəstəliyi, adətən, ağır keçirirlər. COVID-19 körpələrdə daha çox tənəffüs çatışmazlığı ilə müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov nazirliyin instaqram hesabında "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusundakı çıxışı zamanı deyib.
Həkim-mütəxəssis bildirib ki, hətta bəzən tənəffüs çatışmazlığının aradan qaldırılması üçün körpələri süni tənəffüs aparatına qoşurlar: "Koronavirus xəstəliyindən sağalandan 2-6 həftə sonra bəzi uşaqlarda hətta ağır iltihabi bir proses başlaya və nəticədə, ürək, böyrək və ağciyərlərdə ciddi ağırlaşmalar qeydə alına bilər. Bu, virusun fəsadlarıdır. Ümumiyyətlə təkcə koronavirus deyil, digər virus infeksiyaları ilə də ehtiyatlı olmaq, körpələri qorumaq lazımdır. Ona görə də valideynlər uşaqların peyvəndlərini gecikdirməməlidirlər. Nəzərə almaq lazımdır ki, peyvəndlər yalnız Ümumdünya Səhiyyə Təşkilatının və istehsalçı ölkənin icazəsi ilə digər ölkələrdə istifadə edilir".