SİYASƏT
Erməni lobbisinin yeni oyunu
Hər fürsətdə Türkiyəyə və Azərbaycana qara yaxmaq, bu ölkələrə qarşı yalan və böhtan yaymaq məqsədi güdən erməni diasporu və ermənipərəst qüvvələr yeni təbliğat kampaniyası üçün hazırlıq görürlər. Kanadanın Toronto şəhərində “Ararat” adlı tammetrajlı bədii film çəkilir. Filmin rejissoru Atom Eqoyandır. Baş rollarda məşhur müğənni Şarl Aznavur, tanınmış aktyorlar Brüs Qrinvud, Kristofer Plunmer və Erik Boqosyan çəkilirlər. Erməni diasporu fiımin çəkilişi üçün olduqca böyük vəsait ayırmışdır.
Filmin mövzusu isə “erməni soyqırımı” iddiaları ilə əlaqədardır. Film Nuhun gəmisinin “Ararat” /Ağrı/ dağına gəlməsindən /?/, bu səbəbdən ermənilər dünyada “ilk irq” /?/olmasından, xristianlıq yolunda ermənilərin çəkdiyi “cəfalardan” /?/, “vəhşi türklər” tərəfindən “soyqırıma” məruz qalmalarından bəhs edir.
Kanadanın Ontario gölü sahillərində nəhəng dekorasiya və maketlər qurulmuş, Türkiyənin Van şəhəri canlandırılmışdır. Yalan və böhtan dolu filmin çəkilişi hələ davam etdiyi halda, lentin alınması üçün Yunanıstan, Rusiya, Fransa, İtaliya, İsrail və Sinqapurdan sifarişlər verilmişdir.
Erməni diasporu və lobbisi ilk növbədə filmi Kann festivalına göndərərək orada mükafat almasını təmin etmək, sonradan isə “Oskar” mükafatına təqdim etmək niyyətindədir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara