DÜNYA
Ermənistan hökuməti müxalifətə qarşı təzyiqləri artırıb
Bakı, 8 avqust, AZƏRTAC
Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Hökumət müxalifət qüvvələrinə qarşı təzyiqləri artırıb. Vətəndaş hərəkatının üzvlərinin məhkəmə prosesləri də başlayıb.
Yerevanda iyulun 17-də post-patrul xidməti alayının binasını ələ keçirən “Sasna srer” qrupunun üzvlərinə dəstək yürüşləri davam edir. Yürüş iştirakçıları mərkəzi prospektə gedən yolun bir hissəni bağlamaqla hökumət qüvvələrini çətin vəziyyətdə qoyublar. Polis yürüşün qanunsuz olduğunu bildirərək aksiya iştirakçılarını dağılmağa çağırıb. Əks halda ictimai asayişi pozanlara qarşı güc tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq olunub. Aksiya iştirakçıları isə bu çağırışa məhəl qoymayıb, “Azadlıq və müstəqil Ermənistan” şüarını səsləndirməyə başlayıblar.
Etirazçılar iyulun 17-də post-patrul xidməti alayının binasını ələ keçirən “Sasna srer” qrupunun üzvlərinin dərhal azad olunmasını tələb ediblər. Fəallardan Tatul Tamrazyan artıq məhkəmənin qərarı ilə azadlıqdan məhrum olunub. Vəkil Maniki Markaryan deyib ki, yaxın günlərdə, üsyanda iştirak edən 47 nəfər barəsində həbs qərarı çıxarılacaq.