REGİONLAR
Ermənistanın artilleriya atəşinə məruz qalan Tovuzun Dondar Quşçu kəndində kartof yığımı davam edir REPORTAJ VİDEO
Tovuz, 24 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC
Bir neçə gün əvvəl düşmən atəşinə məruz qalan, mərmilərin yağdığı Tovuzun kəndlərində sakinlər gündəlik təsərrüfat işləri ilə məşğuldurlar.
AZƏRTAC xəbər verir ki, düşmən artilleriyasının atəşinə məruz qalan kəndlərdən biri olan Tovuzun Dondar Quşçu kənddir. Havanın isti olmasına baxmayaraq, kənd sakinləri kartof sahələrindən məhsul toplayırlar. Bundan başqa, üzüm və digər kənd təsərrüfatı sahələrində də qızğın iş gedir.
Sakinlər deyirlər ki, düşmən kəndi atəşə tutmazdan əvvəl olduğu kimi, hər kəs öz işinin başındadır. Həmin gərgin günlərdə də kənd sakinləri əllərini torpaqdan çəkməyiblər. Yazda əkdikləri məhsulun bəhrəsini görürlər. Bəzi məhsullar hələ yığılmadığından həmin sahələrdə suvarma işləri görülür. Kənd sakinləri məhsulun bol olmasından məmnundular.
Bu il hava quraq keçsə də, məhsuldarlığın normal olduğunu deyən Nazim Rzayev indi yalnız diqqətin məhsul yığımına yönəldiyini söyləyib. O deyib: “Gecə-gündüz öz təsərrüfat işimizlə məşğuluq. Kənd əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. İndi kartof yığımıdır, bir müddət sonar isə üzüm yığımı başlayacaq”.
Hazırda sakinləri bir məsələ düşündürür. Torpaqlarındakı məhsulu itkisiz yığıb, yaxşı gəlir əldə etmək... Kartof təxminən bir hektardan 15 ton məhsul verir. Bu da onları qane edir. Bundan sonra isə avqust ayında üzüm bağlarında məhsul yetişəcək. Dondarlıların xeyli məhsuldar üzüm sortu bağları da var. Buradan da yüksək məhsul götürəcəklərini gözləyirlər.
Kənd sakini Bəhram Quliyev də ailəsi ilə birlikdə kartof yığır. Məhsuldarlığın da yaxşı olduğunu deyir. “Kartofla yanaşı, üzüm və digər təsərrüfat sahələrimiz də var. Heç bir narahatçılığımız, qorxumuz yoxdur, əhval-ruhiyyəmiz də yüksəkdir. Ordumuzun düşmənə layiqli cavab verməsi bizi daha da ruhlandırır”, – deyə kənd sakini bildirib.
Düşmən atəşi anlarında da zəhmətsevər Dondar Quşçu kəndinin sakinləri nə evlərini tərk etmişlər, nədəki əkin sahələrində bir an da olsa işlərini dayandırmışdılar. Necə ki, isti hava şəraitinə baxmayaraq, hamılıqla təsərrüfat sahələrində çalışdıqları kimi... Bərəkətli olsun, deyirik!