SİYASƏT
Ermənistanın bu cür mənfur əməlləri onun döyüş və informasiya meydanındakı məğlubiyyətindən irəli gəlir
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-si gecə saatlarında Ermənistan hərbi qüvvələrinin üçüncü dəfə Gəncəni hədəfə alması Ermənistanın 1990-cı illərdən bəri həyata keçirdiyi terror siyasətinin, dəqiqliklə desək, 1992-ci il Xocalı soyqırımının açıq-aşkar davamıdır. Dünyada qadağan edilmiş “SCUD” ballistik mərmilərindən istifadə edilməsi, münaqişə zonasından 64 km aralıqda yerləşən, əhalinin sıx yaşadığı Azərbaycan şəhərini və mülki əhalisini hədəfə alması, üçü azyaşlı olmaqla 15 nəfərin həyatına son qoyması buna bariz sübutdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat deyib ki, bu, Ermənistanın sentyabrın 27-dən – münaqişənin alovlanmasından bəri törətdiyi ilk təxribat deyil. Elə Gəncə şəhərinin özündə ermənilər bundan öncə iki qanlı təxribat törədib, eyni zamanda, gündəlik olaraq, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Mingəçeviri də intensiv atəşə tutublar. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət baş verənlərə hələ ki, adekvat cavab vermir, Ermənistana qarşı güclü təzyiq göstərmir. Beynəlxalq ictimaiyyət onu bilməlidir ki, Ermənistanın dünən Ordubadı, bu gün isə Gəncəni hədəf alması onun müharibə miqyasını genişləndirmək cəhdi, mümkün üçüncü tərəfləri münaqişəyə sürükləmək istəyidir.
Erməni tərəfinin bu tipli mənfur əməlləri onların döyüş, siyasi və informasiya meydanındakı məğlubiyyətindən irəli gəlir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, “Heç bir güc Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etmək hüququndan məhrum edə bilməz. Azərbaycan suveren hüququndan istifadə edərək, öz sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edir. Bu, bizim haqq işimizdir”. Erməni hərbi-siyasi rəhbərliyi isə öz növbəsində, bu mesajı çox yaxşı dərk edir və anlayır ki, nə müharibəni, nə də diplomatik danışıqları diktə etmək ixtiyarındadır. Paşinyanın illüziyaya əsaslanan bəyanatları belə bir xülyaya çevrilib. Bu gün Ermənistanın hərbi məğlubiyyətdən doğan problemləri özünü böyük siyasi və iqtisadi böhran şəklində təcəssüm etdirir. Əsgərlər arasında kütləvi fərarilik yaşanır, əhali arasında orduda iştirak etməklə bağlı kütləvi narazılıqlar artır. Elə buna görə də bütün erməni aqressiyası mülki dinc əhalimizə qarşı yönəldilir, dekonstruktiv motiv və qisas xarakteri daşıyır.