SİYASƏT
Ermənistanın mülki əhalini və yaşayış məntəqələrini hədəf seçməsi bu ölkənin faşizmə xidmət etməsinin bariz göstəricisidir
Bakı, 29 sentyabr, AZƏRTAC
“Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.
Politoloq Səhər İsmayılova AZƏRTAC-a bildirib ki, sentyabrın 27-də Prezident İlham Əliyevin xalqa müraciətində əks olunmuş bu fikirlər Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini bir daha nümayiş etdirdi. Görünür, işğalçı Ermənistan 2016-cı ilin Aprel döyüşlərində və bu il iyul ayında Tovuz əməliyyatlarında Azərbaycan Ordusu tərəfindən aldığı layiqli zərbədən hələ də ciddi nəticə çıxarmayıb. Əgər Ermənistanın baş naziri bu zərbələrin ağırlığını dərk etsəydi, yenidən sərhədboyu ərazilərdə növbəti təxribatların törədilməsi üçün tapşırıq verməzdi.
Həm Aprel döyüşlərində, həm də iyul hadisələrində həm Ermənistana, həm də beynəlxalq təşkilatlara aydın oldu ki, Azərbaycan Ordusu, həqiqətən də, dünyanın ən güclü ordularınadan biridir. Qüdrətli Ordumuz hər iki əməliyyat zamanı təcavüzkar ordunu darmadağın etməklə “güclü Ermənistan ordusu” mifini də puç etdi.
Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb.
Ermənistan ordusunun mülki əhalini və yaşayış məntəqələrini qəsdən atəşə tutması bu ölkənin faşizmə xidmət etməsinin bariz göstəricisidir. Təəssüf ki, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi və demokratiya, haqq-ədalət tərəfdarı kimi təqdim edən beynəlxalq təşkilatlar, həmçinin digər ölkələrə “demokratiya dərsi” keçən dövlətlər bu ədalətsizliyə, beynəlxalq hüququn normalarının kobud şəkildə pozulmasına laqeyd yanaşır, seyrçi mövqe tuturlar. Bu il iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olanda da beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu ciddi münasibət bildirmədi. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıb və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdu. Düşmən layiqli cavabını aldı və bir addım də olsun irəliyə doğru gedə bilmədi. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi acı məğlubiyyətlə razılaşmaq məcburiyyətində qaldı.
Təcavüzkar Ermənistanın növbəti təxribatı - atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Ancaq bunun əvəzi qat-qat artıq çıxılıb. Qısa vaxt ərzində düşmənin xeyli hərbi texnikası, canlı qüvvəsi məhv edilib, 25 ildən artıqdır ki, düşmən əsarətində olan bir sıra kəndlərimiz artıq azad edilib.
Təcavüzkar Ermənistanın bu təxribatları törətməkdə əsas məqsədi, ilk növbədə, Azərbaycan torpaqlarının işğalını davam etdirməkdir. Düşmən tərəfi bu xəbis niyyətini gizlətmir və bununla da beynəlxalq hüquqa meydan oxuyur. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda işğal siyasəti aparırdı. Lakin bütün ümidləri puç oldu. Üstəlik, neçə illərdir işğal altında saxladıqları Azərbaycan əraziləri, strateji əhəmiyyətli yüksəkliklər də azad edildi. Digər səbəb isə ölkəni idarə edə bilməyən Nikol Paşinyan hakimiyyəti bir müddət də əlində saxlamaq, habelə Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq, Azərbaycandan düşmən obrazı yaratmaqdır.
Ermənistanın təxribatlar törətməkdə əsas məqsədlərindən biri də hər vəchlə danışıqlar prosesini pozmağa cəhd etməkdir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra demək olar ki, artıq buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıb. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün prioritet vəzifədir.
Biz zəfər çalacağıq, çünki haqq yolundayıq. Bütün dünya və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ da əzəli Azərbaycan ərazisidir.