DÜNYA
Estoniya Kosovodakı sülhməramlı missiyada iştirakını başa çatdırıb
Tallinn, 5 noyabr, AZƏRTAC
Estoniya Müdafiə Qüvvələrinin Şimali Atlantika Alyansının rəhbərliyi altında Kosovodakı sülhməramlı missiyada 19 il davam edən iştirakının sona çatması münasibətilə Priştinada yerləşən mənzil-qərargahda bu ölkənin dövlət bayrağı təntənəli şəkildə endirilib.
AZƏRTAC xəbər verir ki, NATO-nun rəhbərlik etdiyi sülhməramlı missiyanın komandanı, general-mayor Salvatore Kuotsi bununla bağlı deyib: “Kosovonun daha yaxşı gələcəyi üçün uzunmüddətli fəaliyyətimizdə iştirak etdiyi üçün Estoniyaya təşəkkür edirəm”. Komandanın minnətdarlıq sözləri Kosovodakı missiyada iştirak etmiş 780 estoniyalı hərbçiyə ünvanlanıb.
Estoniya Müdafiə Qüvvələrinin komandanı general Rixo Terras isə bildirib ki, Kosovoda - NATO-nun rəhbərlik etdiyi missiyada ilk dəfə eston hərbçilərin iştirakı ordumuzun birgə missiyalara töhfə vermək əzmini nümayiş etdirdi və Alyansın üzvü olmaq istiqamətində mühüm addım oldu. Eston general əlavə edib ki, bu missiyanın uğurla başa çatmasından məmnundur və Estoniya NATO və BMT-nin digər təşəbbüslərində də iştirak etməyə davam edəcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn