REGİONLAR
Estoniyada elmi tədqiqatını başa vuran alim Aqrar Universitetdə təqdimatla çıxış edib
Gəncə, 24 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin Energetika kafedrasının dosenti İlham Kərimov bir il Avropa İttifaqı layihəsi üzrə Estoniyanın Tartu Aqrar Universitetində “Buğdanın hava ilə qurudulması və onun əsasında buğdanın yığımdan sonra emalı və saxlanmasının yeni texnologiyasının tətbiqi” mövzusu üzrə elmi işçi kimi fəaliyyət göstərib.
Universitetin Mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, alim fəaliyyəti ilə bağlı işlədiyi kafedrada təqdimat keçirib və gördüyü işlər barədə ətraflı məlumat verib.
Hazırda bütün dünyada buğdanın qurudulmasının bu sahədəki böyük problemlərdən biri olduğunu deyən və statistik göstəriciləri seminar iştirakçılarının diqqətinə çatdıran alim bildirib ki, Rusiya 2016-cı ildə istehsal etdiyi buğdanın 23 faizini çörək (makaron, vermişel və sair) üçün istifadə edə bilib. Bu problem Avropa İttifaqına, eləcə də Estoniyaya aiddir. Estoniyada istehsal edilən buğdanın 70 faizə qədəri heyvandarlıqda yem kimi istifadə olunur. Bu isə fermerlərə milyonlarla ziyan vurulması deməkdir.
Alim vurğulayıb ki, tədqiqatının məqsədi buğdanı vaxtında, qənaətli (enerji nöqteyi-nəzərindən) və keyfiyyətini itirmədən qurutmaqdır.
Layihənin Arximed Fonduna təqdim olunduğunu deyən İlham Kərimov bildirib ki, bu fond Estoniyada elmin və təhsilin inkişafını koordinasiya edir və maliyyələşdirir. Təkcə 2018-ci ildə Avropa İttifaqı Estoniyada elm və təhsilin inkişafına 8 milyon avro ayırıb.
Təqdimatda iştirak edənlər məsələnin aktuallığından danışıb və alimin elmi işinin çox dəyərli yenilik olduğunu vurğulayıblar.