DÜNYA
Estoniyanın Baş naziri vəziyyətin daha da ağırlaşacağı halda sərt məhdudiyyətlərin tətbiqini istisna etmir
Tallinn, 24 fevral, AZƏRTAC
Estoniyada epidemioloji vəziyyətin ağırlaşacağı halda məhdudiyyətlərin daha da sərtləşdiriləcəyi mümkün hesab edilir. Epidemioloji vəziyyətin əsas göstəricisi xəstəxanaların COVID-19 xəstələri ilə həddindən artıq yüklənməsi hesab olunur.
AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kaya Kallas parlamentdə koronavirusla bağlı vəziyyətə dair siyasi bəyanatla çıxış etdikdən sonra Riyqikoqu deputatlarının suallarını cavablandırarkən açıqlama verib.
“Hər yeri bağlayacağıq” demək, əlbəttə, çox asandır. Lakin bunun başqa bir dəyəri var. Həmin başqa dəyər uşaqların təhsili, psixi sağlamlıq, bütün iqtisadi göstəricilərdir. Əgər məqsəd tibb sisteminin fəaliyyətini maksimal səviyyədə qoruyub saxlamaqdan ibarətdirsə, əgər bu göstəricilər üçün təhlükə yaranarsa, şübhəsiz, daha sərt məhdudiyyətlər tətbiq etməli olacağıq”, – deyə Baş nazir söyləyib.
Qeyd edilib ki, məhdudlaşdırma məsələsinin bu həftə ərzində yenidən müzakirə edəcəyi gözlənilir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn