ELM VƏ TƏHSİL
FƏNN OLİMPİADALARININ MÜKAFATÇILARI İLƏ GÖRÜŞ
Təhsil naziri Misir Mərdanov ali məktəb rəhbərlərinin, tanınmış pedaqoqların və rayon təhsil şöbələri müdirlərinin iştirak etdikləri görüşü açaraq, Azərbaycanda təhsilin inkişafına dövlət qayğısından danışmışdır.
Ümumtəhsil məktəblərinin uğurlarından söhbət açan nazir vurğulamışdır ki, son 5 ildə dünya fənn olimpiadalarında iştirak edən 66 şagirdin hamısı mükafata layiq görülmüşdür. Cari ildə respublikamızın məktəbliləri fizika, kimya, riyaziyyat, biologiya və informatika fənləri üzrə Tayvan, Yunanıstan, Yaponiya, Belarus və Amerika Birləşmiş Ştatlarında keçirilmiş olimpiadalarda yüksək bilik nümayiş etdirmişlər.
Bu uğurlarda Çağ Öyrətim İşlətmələri Şirkəti və Azərbaycan-Türkiyə özəl litseylərinin də xüsusi xüsusi əməyinin olduğu bildirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və digər çıxış edənlər fənn olimpiadalarında fərqlənmiş gəncləri təbrik etmiş, onlara xoş arzularını çatdırmışlar.
Axırda bilik yarışlarının mükafatçılarına hədiyyələr təqdim edilmişdir.