CƏMİYYƏT
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
Bakı, 12 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə bayram tədbiri keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Akademiya rəisinin birinci müavini polkovnik-leytenant Qəzənfər Bağırov iştirakçıları Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk təşəbbüsün ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə irəli sürüldüyünü vurğulayıb. Qeyd olunub ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Liderin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərarın qəbul edilməsi müstəqillik tariximizin ən şanlı səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarına həmişə xüsusi ehtiramla yanaşır. Dövlətimizin başçısının 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi və Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında tarixi sərəncamları buna parlaq misaldır.
Rəis müavini bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər Heydər Əliyevin bilavasitə siyasi uzaqgörənliyi, dönməz iradəsi və gərgin əməyi nəticəsində hazırlanıb. 1995-ci il noyabrın 12-də keçirilmiş referendum yolu ilə qəbul olunan Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb. Ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət sayəsində Əsas Qanunda əksini tapmış müddəaların reallaşması nəticəsində ölkəmiz daha da qüdrətlənib, regionun aparıcı dövlətinə çevrilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov Dövlət Bayrağı Gününün və Konstitusiya Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verib.
Tədbirin sonunda Akademiyanın kursantları vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.