CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 36 halda yanğına çıxış, 1 nəqliyyat qəzası və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla beş nəfər, o cümlədən Astara şəhərində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan iki nəfər xilas olunub. Yanğın zamanı dördü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub, iki nəfər tüstüdən zəhərlənib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.