CƏMİYYƏT
FHN Qəbələdə beynəlxalq yarışa və ümumrespublika birinciliyinə start verib VİDEO
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 28-də Qəbələdə “Gənc xilasedici” IV Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” V ümumrespublika birinciliyinə start verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar.
Sonra Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarları ziyarət edilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışların açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıblar. Natiqlər belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə qazanmalarına geniş imkanlar açacağına əminliklərini ifadə ediblər.
İyulun 3-dək davam edəcək beynəlxalq yarışda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Pakistan, Gürcüstan və Belarusdan iştirakçılar mübarizə aparırlar. Ümumrespublika birinciliyində isə 10 rayon və şəhərin komandaları gücünü sınayır.