CƏMİYYƏT


FHN: Şimal və Şimal-qərb regionlarında yanğınlarla mübarizədə müxtəlif təyinatlı 120 ədəd texnikadan istifadə edilir VİDEO

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycanın Şimal və Şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğınsöndürmə əməliyyatlarının əksəriyyəti texnikanın və şəxsi heyətin hərəkəti üçün əlverişsiz olan mürəkkəb dağlıq relyefdə həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şabran, Qəbələ, Quba, Siyəzən və Xaçmaz rayonlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlarla mübarizə tədbirlərində müvafiq dövlət qurumlarından olan ümumilikdə 1140 nəfərdən çox canlı qüvvədən və müxtəlif təyinatlı 120 ədəd texnikadan istifadə edilir.

Belə ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 740 nəfərdən çox şəxsi heyəti, 80-ə qədər xüsusi texnikası, o cümlədən FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri iştirak edir. Bundan əlavə, yanğınların söndürülməsi əməliyyatlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli icra hakimiyyətlərinin 400 nəfərdən çox canlı qüvvəsi və 40-dan çox texnikası cəlb olunub. Həmçinin yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyinin və “Azərsu” ASC-nin əməkdaşları da yaxından iştirak edirlər.

Hazırda nəzarətə götürülən yanğın baş vermiş ərazilərdə soyutma işləri aparılır. İsti və küləkli hava şəraitinə baxmayaraq, yanğın ocaqlarının tam söndürülməsi məqsədilə əməliyyatlar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.