CƏMİYYƏT
FHN: Xətai rayonunda hərbi sursat aşkarlanıb
Bakı, 27 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatın döyüş tətbiqinə yararlı üç F-1, iki RQ-5, 2 RQ-42, 1 BRM-75 əl qumbarası və 2 UZRQM olduğu müəyyənləşdirilib.
Sursatlar Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.