CƏMİYYƏT
FHN: Zaqatalada itkin düşmüş şəxsin cəsədi tapılıb
Bakı, 26 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlara dair məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Böhran Vəziyyətlərinə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə davam edən axtarışlar zamanı iyulun 21-də axtarışların aparıldığı ərazidə naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun cəsədi nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkarlanıb. Hazırda Q.İbrahimovun cəsədinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir.
Yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti və helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.